Qeyd etmək lazımdır ki, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da “5.4-cü bənddə Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi” hissəsində öz əksini tapıb. Bu təlimin keçirilməsində əsas məqsəd adı çəkilən strategiyanın həyata keçirilməsi üçün düzgün alətlərin seçilməsi və səriştə modeli barədə əcnəbi ekspertlərin təcrübələrinin paylaşılması olub.
Təlim SİGMA-nın eksperti Kaido Pabusk, Estoniyanın Dövlət Qulluğu Mərkəzinin rəhbəri Eve Limbak Pirn, İrlandiyanın İctimai Təyinatlar Xidmətinin Korporativ Xidmətlər üzrə rəhbəri Padreyk Lav tərəfindən iştirakçılara təqdim olunub.
Təlimin ilk günündə ekspertlər səriştə və səriştə modelləri, onların zəif və üstün tərəfləri, səriştə əsaslı idarəetmədə yeni trendlər haqqında ilkin nəzəri məlumat verib, o cümlədən səriştələrin tərtib olunması ilə bağlı iştirakçıları praktiki işə cəlb ediblər. Təlimdə mövzu ilə bağlı İrlandiya və Estoniyaya aid nümunələr təlimin iştirakçıların nəzərinə çatdırılıb.
Təlimin növbəti günündə səriştənin qiymətləndirilməsi, səriştə əsaslı inkişaf və bu sahədə qabaqcıl təcrübə haqqında ekspertlər iştirakçılara geniş məlumat veriblər. Təlimin sonunda səriştə əsaslı idarəetmənin Azərbaycan Respublikasının dövlət qulluğunda tətbiqi yolları və bu istiqamətdə atıla biləcək addımlar haqqında müzakirələr aparılıb.