25 noyabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Oğuz rayonunda “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
Təlimdə Oğuz və ətraf rayonlarda yerləşən mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, yerli icra hakimiyyəti orqanları və məkhəmə orqanlarında çalışan 30-a yaxın dövlət qulluqçusu iştirak edib.
Təlimdə Mərkəzin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov çıxış edərək dövlət qulluğunun hüquqi əsasları, hazırkı çağırışlar və dövlət qulluğunun perspektivləri mövzusunda məruzə edib, dövlət qulluğu məsələləri ilə bağlı qaldırılan sualları cavablandırıb.
Eyni zamanda, Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən “Dövlət qulluğuna dair qanunvericilyin tətbiqi məsələləri” mövzusunda təqdimat edilib və təlim iştirakçılarına dövlət qulluğuna qəbul və vəzifədə yüksəliş, xidməti fəaliyyətin qiymətləndirilməsi, dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiyanın əsas istiqamətləri və strategiyada nəzərdə tutulmuş tədbirlər, Strategiyanın icrası üzrə atılmalı olan addımlar, dövlət qulluğunda etik davranış qaydaları, prinsipləri və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar məsələlər barədə məlumat verilib.
Sonda iştirakçıların dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri barədə sualları cavablandırılıb.