Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə“ Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə, Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun təbliği və təşviqi məqsədilə Bakı şəhərində və regionlarda vətəndaşlarla, o cümlədən gənclər və tələbələrlə mütəmadi görüşlər təşkil edilir.
Gənclərin dövlət qulluğu sahəsində rolunun artırılması, dövlət qulluğunun təbliği və təşviqi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi ilə birlikdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 2019-cu ilin 15 noyabr tarixində Mingəçevir şəhər “Gənclər Evi”ndə və 16 noyabr tarixində Gəncə şəhər “Gənclər Evi”ndə təlim keçirilib.
Təlimdə Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin əməkdaşı Rüfət Ağayev tərəfindən “Dövlət qulluğunun mahiyyəti və əhəmiyyəti” mövzusunda təqdimat edilib. İştirakçılara dövlət qulluğuna qəbul qaydaları, test imtahanı və müsahibə mərhələləri, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, Mərkəzin dövlət qulluğu ilə əlaqədar elektron xidmətləri və dövlət qulluğuna dair digər məsələlər barədə məlumat verilib.
Təlimin sonunda iştirakçıların dövlət qulluğuna dair sualları cavablandırılıb, onlara dövlət qulluğuna qəbullla bağlı hazırlanmış maarifləndirici toplu və müvafiq sertifikat təqdim edilib.