Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə“ Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutmuş tədbirlərin icrasını təmin etmək məqsədilə, Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun təbliği və təşviqi məqsədilə Bakı şəhərində və regionlarda gənclər və tələbələrlə mütəmadi görüşlər təşkil edilir.
Gənclərin dövlət qulluğu sahəsində rolunun artırılması, dövlət qulluğunun təbliği və təşviqi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi ilə birlikdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 2019-cu ilin 29 noyabr tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində və 30 noyabr tarixində Şamaxı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təlimlər keçirilib.
Təlimlərdə Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin sektor müdiri Rüfət Ağayev tərəfindən “Dövlət qulluğunun mahiyyəti və əhəmiyyəti” mövzusunda təqdimat edilib. İştirakçılara dövlət qulluğuna qəbul qaydaları, test imtahanı və müsahibə mərhələləri, vakant vəzifələrinin tutulmasının ümumi şərtləri, Mərkəzin dövlət qulluğu ilə əlaqədar elektron xidmətləri və dövlət qulluğuna dair digər məsələlər barədə məlumatlar verilib.
Təlimlərin sonunda iştirakçıların dövlət qulluğuna dair sualları cavablandırılıb, onlara dövlət qulluğuna qəbullla bağlı hazırlanmış maarifləndirici toplu və müvafiq sertifikat təqdim edilib.