13 dekabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin Dövlət İdarəçiliyi və Dövlət Qulluğu Elmi Tədris İnstitunun direktoru Komaxa Larisa və onun müavini Qura Viktoriyanı qəbul edib.
M.Abbaszadə Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib və ölkəmizin dövlət qulluğu sistemi haqqında məlumat verib. Görüşdə dövlət qulluğuna qəbul, imtahanların məzmunu, dövlət qulluğunda kompetensiya modelinin yaradılması və tətbiq edilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə danışılıb.
Qonaqlar Mərkəzin fəaliyyəti ilə tanışlıqdan məmnun olduqlarını qeyd ediblər və qurumlar arasında qiymətləndirmə alətləri üzrə qarşılıqlı təcrübə, fikir mübadiləsinin davam etdirilməsi qərara alınıb.
Xatırladaq ki, görüşdən əvvəl qonaqlar ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və inkişaf tarixi barədə məlumat verilib.