İclaslarda gündəlik məsələ fizika fənnindən 6 iyun 2022-сi il tarixində, rus dili (tədris dili) fənnindən 21 may 2022-сi il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, rus dili (xarici dil) fənnindən isə ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçaların müzakirəsi olub.
Fizika fənni üzrə imtahanda istifadə edilmiş 10 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
Rus dili (tədris dili) fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlar vasitəsilə abituriyentlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsi mümkün olub.
Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
25 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.