Anım mərasimində 20 Yanvar qırğınının səbəbləri, hadisələrin günahkarları, dövlət tərəfindən faciəyə verilən hüquqi-siyasi qiymət və görülmüş tədbirlərə həsr olunmuş “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı film nümayiş etdirilmişdir.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat vermişdir. Sədr qeyd edib ki, həmin gecə Azərbaycan xalqının azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu hadisə tariximizin qəhrəmanlıq səhifəsidir.
Daha sonra çıxış edən DİM Direktorlar Şurasının sədr müavini Namiq Babayev bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulamışdır. Bu dəhşətli faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini qeyd etmişdir.
Kollektivin çıxış edən digər üzvləri 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi olduğunu bildirmiş və bu tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd etmişlər.
DİM kollektivi 2018-ci il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edəcək.