Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək il ərzində Mərkəzin qarşısında duran vəzifələrin həyata keçirilməsindən, əldə olunan nailiyyətlərdən, tətbiq olunan yeniliklərdən, qarşıya çıxan çətinliklərdən danışmışdır.
Sədr qeyd etmişdir ki, 2018-ci il ərzində DİM tərəfindən müxtəlif istiqamətlər üzrə keçirilən imtahanlarda iştirakçıların sayı 650 minə yaxın olmuşdur. DİM-in tətbiq etdiyi elektron xidmətlərdən istifadə sayı isə 7 milyondan çox olmuşdur.
M.Abbaszadə iclas iştirakçılarına Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri - imtahanların texnoloji təminatı, məlumat bazalarının yaradılması, imtahan materiallarının çapı, imtahanların təşkili və idarəedilməsi, imtahanların məzmununun hazırlanması, elmi-metodiki təminat, statistik araşdırmaların aparılması, strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi, dövlət qulluğu məsələləri, hüquqi təminat, ictimaiyyətlə əlaqələrin təşkili, maliyyə, təchizat və təsərrüfat, kommersiya və s. sahələr üzrə hər bir şöbənin işi haqqında ayrıca məlumat vermişdir.
Şöbələrin fəaliyyəti ilə əlaqədar aparılmış müzakirələrdən sonra “İnformasiyalaşdırma və texnoloji təminat” şöbəsinə innovativ yanaşmanın kütləvi proseslərə tətbiqində səmərəli fəaliyyətə görə kubok təqdim edilmişdir.
İclasda daha sonra DİM-in Həmkarlar Komitəsinin 2018-ci il üzrə hesabatı dinlənilmişdir.