28 aprel tarixində informatika və Azərbaycan dili, 29 aprel tarixində kimya, 30 aprel tarixində fizika və rus dili fənləri üzrə hazırlıq kurslarının üçüncü, 1 may tarixində biologiya, tarix və riyaziyyat, 2 may tarixində coğrafiya və ingilis dili fənləri üzrə hazırlıq kurslarının dördüncü məşğələləri keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları Bakı şəhərindən qeydiyyatdan keçənlər üçün DİM-in əsas binasında əyani (Akademik Həsən Əliyev küçəsi 299), bölgələrdən qeydiyyatdan keçənlər üçün isə onlayn formatda keçirilib.
Moderatorlar – informatika fənni üzrə Fikrət İbiyev, Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, rus dili fənni üzrə Viktoriya Sadıqova, biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, coğrafiya fənni üzrə Nərminə Seyfullayeva və ingilis dili fənni üzrə Nərminə Əliyeva ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında və ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilən tapşırıqların tipləri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.