İngilis dili fənni üzrə gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 4-cü sinif dərsliyi əsasında hazırlanmış qiymətləndirmə kitabçasının təkmilləşdirilməsi olub. Kitabçanın trims.edu.az saytında ictimai müzakirədə olan Happy Campers dərsliyi ilə müqayisəli təhlili aparılıb. Dərslikdə verilən 8 bölmədən hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb.
Azərbaycan dili fənni üzrə gündəlik məsələ isə 21 may 2022-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub. Tapşırıqların hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili edilib.
Azərbaycan dili fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramına uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlarla şagirdlərin bilik və bacarıqlarını obyektiv yoxlamaq və qiymətləndirmək mümkün olub.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.