İmtahan 15 avqust 2026-cı il tarixində DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunub.
Qeyd edək ki, “B2 First / B2 First for schools” imtahanı namizədlərin daha yüksək səviyyəli imtahanlara hazırlaşması üçün bir vasitədir və onların ingilis dilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir. İmtahanda 2 nəfər iştirak edib. Bu imtahan 4 bölmədən ibarətdir:
- Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) - 1 saat 15 dəqiqə;
- Yazı (Writing) – 1 saat 20 dəqiqə;
- Dinləmə (Listening) - 40 dəqiqə;
- Danışıq (Speaking) – 16 dəqiqə.
Qeyd edək ki, “B1 Preliminary / B1 Preliminary for Schools” imtahanı isə ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. İmtahanda 7 nəfər iştirak edib. Bu imtahan da 4 bölmədən ibarətdir:
- Oxu (Reading) - 45 dəqiqə;
- Yazı (Writing) – 45 dəqiqə;
- Dinləmə (Listening) - 35 dəqiqə;
- Danışıq (Speaking) – 14 dəqiqə.
İmtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.