Azərbaycan dili, riyaziyyat, ingilis dili, fransız dili, alman dili, rus dili, ərəb dili, fars dili fənləri üzrə seminarlarda 3 mart 2019-cu il tarixdə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində istifadə edilmiş tapşırıqların açıqlanmış bir variantının müzakirəsi olub.
Hər bir tapşırıq aid olduğu mövzu, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standartı yoxlaması və qiymətləndirməsi baxımından təhlil edilib.
Beləliklə, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində istifadə edilmiş tapşırıqların müzakirəsi başa çatıb. Müzakirələr nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu təsdiqini tapıb. Tapşırıqlar şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verib.
Kimya, fizika, biologiya, tarix, coğrafiya fənləri üzrə seminarlarda isə ali təhsil müəssisələrinə 12 və 19 may tarixlərində keçirilmiş qəbul imtahanının ikinci mərhələsində istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılıb.
Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahlarına dair metodiki tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.