Moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
İngilis dili fənnindən keçirilən elmi-metodiki seminarda İ.Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Səidə Nəsrəddinova 8-ci sinif “English” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili fənnindən keçirilən elmi-metodiki seminarda Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın müəllimi Fazil Ellazov 8-ci sinif “Azərbaycan dili” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Kimya fənnindən keçirilən elmi-metodiki seminarda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, pedaqoji və kimya elmləri doktoru Mütəllim Abbasov 9-cu sinif “Kimya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Fizika fənnindən keçirilən elmi-metodiki seminarda 9-cu sinif “Fizika” dərsliyinin məzmunu haqqında AMEA-nın Fizika İnstitutunun elmi işçisi Vahid Tanrıverdiyev təqdimatla çıxış edib.
Rus dili fənnindən keçirilən elmi-metodiki seminarda BSU-nun dosenti Mina Quliyeva və baş müəllimi İlyusa Selimzanova 8-ci sinif “Литература” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış ediblər.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.