10 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi və “British Council” arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Dövlət İmtahan Mərkəzi rəsmi artıq IELTS qeydiyyat mərkəzi (Registration Centre) kimi fəaliyyətə başlayır.
Xatırladaq ki, qeydiyyat mərkəzi (registration center) IELTS imtahanlarının keçirilməsi üçün “British Council” tərəfindən müəyyən edilmiş və müvafiq tələblərə cavab verən rəsmi imtahan məkanıdır. DİM bu əməkdaşlıq çərçivəsində IELTS imtahanlarının keçirilməsi üçün müvafiq infrastruktur və imtahan şəraiti təmin edəcək.
DİM-də ilk IELTS imtahanı 19 noyabr 2026-cı il tarixində mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50) keçiriləcəkdir.
İmtahanda iştirak etmək istəyən şəxslər 14 noyabr 2026-cı il tarixinədək ilkin müraciət edə bilərlər.
İlkin müraciət üçün hiperkeçiddən istifadə etmək lazımdır: IELTS imtahanında iştirak üçün ilkin müraciət forması
İlkin müraciət zamanı iştirakçıdan ad, soyad, əlaqə məlumatları və imtahanla bağlı zəruri məlumatların təqdim edilməsi tələb olunur. Müraciət qəbul edildikdən sonra iştirakçı üçün IELTS portalında müvafiq hesab yaradılacaq və ödənişin həyata keçirilməsi üçün hesaba giriş imkanı təqdim ediləcək.
Qeyd: IELTS imtahanında iştirak etmək üçün qeydiyyat və ödəniş prosesi IELTS portalı üzərindən həyata keçirilir. DİM yalnız rəsmi qediyyat mərkəzi (registration center) qismində çıxış edir.
Qeydiyyat prosesi və imtahanla bağlı əlavə məlumat almaq üçün international@dim.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.