ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 2020-ci il sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq
İmtahanda iştirak edəcək şəxslər saat 9:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar.
İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd şagird tərəfindən imzalanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış ola bilərsiniz.