Seminarın gündəlik məsələləri DİM-in həyata keçirdiyi yeni layihələr və nəşr işləri barədə təqdimat (DİM Direktorlar Şurasının sədri M. Abbaszadənin çıxışı), seminarın iş planının müzakirəsi və təsdiqi olub.
M. Abbaszadə seminarların təşkil edilməsi və onların əhəmiyyəti, dərsliklər əsasında vizual dərslərin hazırlanması, dərsliklərdəki tədris vahidləri və mövzular üzrə tapşırıq nümunələrindən ibarət sınaq variantlarının hazırlanması, imtahanlara müstəqil hazırlaşmaq üçün metodiki materialların nəşr edilməsi, 1-4-cü sinif dərslikləri əsasında fənn kurikulumlarına uyğun olaraq Azərbaycan dili, rus dili və riyaziyyat (Azərbaycan və rus bölmələri üzrə) fənlərindən qiymətləndirmə tapşırıqları kitabçalarının hazırlanması, həmçinin 22-27 sentyabr tarixində DİM-in təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransı haqqında məlumat verdi. Seminarda M. Abbaszadə ona ünvanlanan sualları cavablandırıb.
Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri A.Batıyeva seminarın işi haqqında ümumi məlumat verdi. Bildirdi ki, elmi-metodiki seminarlarda buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı və imtahanlara hazırlaşan gənclərə, şagirdlərə, müəllimlərə metodik köməklik baxımından materiallar hazırlanır, müzakirələr aparılır, ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərin monitorinqi aparılır, dərsliklərdəki materialların kurikulumlara uyğunluğu yoxlanılır, səhvlər, mübahisəli məqamlar varsa, dəqiqləşdirilir və rəylər hazırlanır. İmtahanlarla bağlı materiallar – proqramlar, seçilmiş alt standartlar, yeni tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalında dərc edilir.
Daha sonra seminarın rəhbəri tarix üzrə fəlsəfə doktoru K. Məmmədov iştirakçıları seminarın iş planı ilə tanış etdi. İş planı müzakirə edilərək təsdiq edildi.
Növbəti seminarda (17 oktyabr 2019-cu il tarixdə, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ali təhsil müəssisələrinə qəbul proqramının müzakirəsi aparılacaq.