26 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Mərasimdən öncə soyqırımı və ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə faciənin səbəbləri, erməni millətçilərinin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verib. Sədr qeyd edib ki, Xocalı hadisələri əsrlər boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. M.Abbaszadə Xocalı soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsi olduğunu diqqətə çatdırıb. Sədr artıq xalqımızın Xocalı soyqırımını 44 günlük müharibədə Qələbə qazanmış, minlərlə faciə qurbanlarının qisasını almış qalib xalq, güclü millət kimi yad etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli Dövlət Bayrağımızı ucaltmaqla soyqırımı qurbanlarının ruhunun şad, xalqımız üçün isə böyük bir təsəlli olduğunu bildirib.
Tədbirdə daha sonra çıxış edən kollektivin digər üzvləri Xanlar Xanlarzadə, Nəsimi Məmmədov, Faiq Həsənov və Aysel Xanalıyeva faciənin tarixi, hüquqi-siyasi məqamları və nəticələri haqqında iştirakçılara ətraflı məlumat veriblər. Həmin dövrdə baş verən hadisələrlə bağlı öz xatirələrini danışan, prosesin birbaşa iştirakçısı olan əməkdaşlar real hadisələr və təəssüratlarını bölüşməklə tədbir iştirakçılarının faciənin miqyası və təsiri ilə bağlı daha dərin təsəvvürlərinin yaradılmasına nail olmağa çalışıblar.
Xocalı soyqırımının qurbanlarına, o cümlədən Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə bir daha Allahdan rəhmət diləyirik!
Ruhları şad olsun!