2 avqust 2019-cu ildə DİM Direktorlar Şurasının sədr müavini Namiq Babayev Xaçmazda şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti və digər qurumların rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.
Xaçmaz rayonunda keçirilən qəbulda Quba, Şabran rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüşdə əsasən ali təhsil müəssisələrinə qəbul imtahanları, orta ixtisas təhsili müəssisələrinə qəbul, qabiliyyət imtahanları, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da N.Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.