DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni təyinatı ilə əlaqədar Nərgiz Hacıyevanı təbrik edib və DİM-in “British Council” ilə əməkdaşlığına xüsusi önəm verdiyini qeyd edib.
Görüş zamanı tərəflər xarici dil, xüsusilə də ingilis dili imtahanlarının beynəlxalq standartlara uyğunlaşdırılması, müəllimlərin peşə hazırlığının dəstəklənməsi, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə imtahanların təşkili prosesi, gələcək əməkdaşlıq perspektivləri, həmçinin Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında səsləndirilən məsələləri müzakirə ediblər.
Xatırladaq ki, “British Council” və Dövlət İmtahan Mərkəzi arasında işgüzar əlaqələr 2016-cı il 23 sentyabr tarixində təhsil və ingilis dili sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə Niyyət Məktubunun imzalanması ilə başlayıb.