Görüşdən öncə sədr Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür.
Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.