AzEdu.az təhsil portalı 2020-ci ildən etibarən "Firidun bəy Köçərli" mükafatını təsis edib və həmin mükafat təhsilin inkişafına töhfə verən şəxsləri təltif etmək məqsədi daşıyır.
Bu il Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə “Müraciətlərin sürətli və dəqiq cavablandırılması sahəsindəki operativ fəaliyyətinə görə” nominasiyası üzrə mükafata layiq görülüb.
Xatırladaq ki, 2025-ci il üçün "Firidun bəy Köçərli" adına mükafata 10 namizəd layiq görülüb və qaliblər sırasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini professor Fərrux Rüstəmov, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və digər şəxslər yer alıb.
3 mart 2025-ci il tarixində Mətbuat Şurasında keçirilən görüşdə qaliblərin mükafatlandırılma mərasimi keçirilib və onlara müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.