AzEdu.az təhsil portalı 2020-ci ildən etibarən "Firidun bəy Köçərli" mükafatını təsis edib və həmin mükafat təhsilin inkişafına töhfə verən şəxsləri təltif etmək məqsədi daşıyır.
Bu il Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev “Təhsilin müxtəlif səviyyələri üzrə aparılan qəbul prosesinin uğurlu təşkili və peşəkar təbliğinə görə” nominasiyası üzrə mükafata layiq görülüb.
30 iyul 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində Azedu.az təhsil portalının rəhbərliyi ilə görüş keçirilib və mükafat N.Əliyevə təqdim olunub.
Xatırladaq ki, 2026-cı il üçün "Firidun bəy Köçərli" adına mükafata 10 namizəd layiq görülüb və qaliblər sırasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, “ADA” Universitetinin professoru Fariz İsmayılzadə, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə və digər şəxslər yer alıb.
Qeyd edək ki, AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.