6 iyul 2023-cü il tarixində DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları tərəfindən Müasir İnnovasiyalar Liseyinin müəllim heyəti üçün Kembric ingilis dili kvalifikasiyaları ilə bağlı onlayn məlumat sessiyası keçirilib.
Sessiya zamanı iştirakçılara DİM-in beynəlxalq imtahanlar istiqamətində fəaliyyəti, bu istiqamətdə əməkdaşlıq etdiyi qurumlar və sözügedən imtahanların gedişatı haqqında ətraflı məlumat verilib.
Sessiyanın əsas hissəsi Kembric ingilis dili kvalifikasiyalarına həsr olunub. Belə ki, Kembric imtahanlarının beynəlxalq səviyyədə tanınması, müxtəlif səviyyə imtahanları, sertifikatın müddətsiz olması, əlçatan hazırlıq imkanları kimi üstünlükləri barədə danışılıb. Eyni zamanda ingilis dilinin tədrisi sahəsində müəllimlərin bilik və bacarıqlarını yoxlayan Kembric kvalifikasiyalarından biri olan TKT imtahanını (Teaching Knowledge Test – Tədris biliyi testi) verməklə müəllimlərin əldə edəcəkləri beynəlxalq sertifikatın onlara gətirəcəyi üstünlüklər vurğulanıb.
Həmçinin imtahanlara qeydiyyatın DİM-in beynəlxalq imtahanlara vahid qeydiyyat platforması üzərindən həyata keçirildiyi qeyd edilib.
Yekunda isə iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric İngilis dili Kvalifikasiyaları ilə yanaşı Kembric İngilis dili üzrə Tədris kvalifikasiyası olan TKT imtahanını da təklif edir. DİM tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı isə bu keçid vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.