11 – 14 noyabr 2024-cü il tarixlərində Portuqaliyanın Lissabon şəhərində qabaqcıl texnologiya tədbirlərindən biri olan “Web Summit” keçirilib. Tədbirdə Dövlət İmtahan Mərkəzinin Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov, İnformasiyalaşdırma və texnoloji təminat departamentinin müdiri İlqar Allahverdiyev və Elektron xidmətlər şöbəsinin müdiri İlqar Mahmudov da iştirak ediblər.
Aralarında “Adobe”, “Meta”, “IBM”, “CISCO”, “Aselsan”, “pwc” və “HUAWEI”in də olduğu 3 mindən çox şirkəti, mindən çox investoru bir araya gətirən tədbirin 70 mindən çox iştirakçısı olub. “Web Summit”in missiyası dünyanı yenidən formalaşdıran rəhbərlər, təsisçilər, investorlar, siyasətçilər, informasiya texnologiyaları şirkətlərinin, media və mədəniyyət nümayəndələri arasında faydalı əlaqələr təmin edən platforma yaratmaq olub.
“Web Summit”də qadınlar tərəfindən qurulan startapların sayının nəzərəçarpacaq dərəcədə artdığı və bu il 1261-ə çatdığı məlum olub. Dörd gün davam edən tədbirdə “Sİ və maşın öyrənməsi”, “Avadanlıq, robototexnika və əşyaların interneti”, “Təhsil” və digər sahələrin nümayəndələri tərəfindən 950-dən çox məruzə təqdim olunub.