Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının 7-ci illik konfransı Assosiasiyanın və Tacikistan Respublikasının Prezidenti yanında Milli Test Mərkəzinin birgə təşkilatçılığı ilə 19-20 oktyabr tarixlərində Düşənbə şəhərində keçirilib. Konfransın mövzusu “Təhsilin müxtəlif səviyyələrində keyfiyyətin qiymətləndirilməsi” olub.
Konfransda Assosiasiyaya üzv ölkələr, MDB ölkələri üzrə mütəxəssislər, təhsildə keyfiyyətin qiymətləndirilməsi ilə məşğul olan müxtəlif beynəlxalq təşkilat və agentliklərin nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycanı Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransda əsas etibarilə təhsilin müxtəlif səviyyələri – məktəbəqədər, orta və ali təhsil üzrə keyfiyyətin qiymətləndirilməsi məsələləri müzakirə olunub. Sessiyalarda təhsilin müxtəlif səviyyələrində qiymətləndirmə zamanı tətbiq olunan alətlər, onların effektivliyi, mövcud olan çətinliklər, yoxlama-ölçmə zamanı müvafiq qiymətləndirmə formasının istifadə olunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycanda mərkəzləşdirilmiş imtahanların keçirilməsi təcrübəsi, DİM-də son illər qiymətləndirmə sahəsində tətbiq olunan yeniliklər və digər məsələlər haqqında təqdimatlar edilib. Görüşlərdə, həmçinin 2019-cu ilin sentyabrında Təhsildə qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA-nın) Bakıda keçiriləcək növbəti illik konfransı barədə iştirakçılara məlumat verilib.