Astana Dövlət Qulluğu üzrə Regional Xab dövlət qulluğu sahəsindəki yenilikləri müzakirə etmək və qabaqcıl təcrübəni bölüşmək üçün dünyanın 40 ölkəsinin müvafiq qurumlarını birləşdirən vahid platformadır.
Konfransın builki əsas mövzusu “Dövlət qulluğunda dəyərlər, inam və texnologiya” olmuşdur. Konfransda beynəlxalq təşkilatlardan və 30-dan çox ölkənin dövlət qulluğu ilə bağlı qurumlarından ekspert və nümayəndələr iştirak etmişlər.
Konfransın gündəliyində dövlət qulluğunda islahatlarla bağlı trendlər, gender bərabərliyi kimi mövzulara yer verilmişdir. Eyni zamanda dövlət qulluğunda etik davranış qaydaları, korrupsiya ilə mübarizə kimi mövzularda müzakirələr aparılmışdır. Konfransda iştirakçı ölkələrdən nümayəndələr dövlət qulluğu sahəsindəki qabaqcıl təcrübələrini bölüşmüş, o cümlədən qarşılaşdıqları çətinliklər haqqında öz çıxışlarında geniş məlumat vermişlər.
Konfransın birinci günündə təşkil olunmuş paneldə “Dəyərlərin, inamın və texnologiyanın qurulması: Azərbaycanda dövət qulluğu” adlı çıxışında Vəfadar Misirov Azərbaycanın dövlət qulluğu sistemində edilən əsaslı islahatlardan danışmışdır. O, öz nitqində Dövlət İmtahan Mərkəzinin həm təhsil sahəsində, həm də dövlət qulluğunda qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini vurğulamış, Mərkəzin əsas funksiyalarından birinin yüksək bacarıq və keyfiyyətlərə malik şəxslərin dövlət qulluğuna mərkəzləşdirilmiş və şəffaf şəkildə qəbulunun həyata keçirmək olduğunu vurğulamışdır.
Vəfadar Misirov panel çıxışında Dövlət İmtahan Mərkəzi və Astana Dövlət Qulluğu üzrə Regional Xabın uzunmüddətli əməkdaşlığının istiqamətlərini konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. O, həmçinin 2019-cu il 22-27 sentyabr tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiyasiyanın (IAEA) 45-ci illik konfransında Astana Dövlət Qulluğu üzrə Regional Xabın ən yaxın tərəfdaşlardan biri olduğunu qeyd etmişdir.
Konfransın gedişində “səmərəli institutların platforması metodikası” əsasında praktiklərin 3-cü alyansı yaradılmışdır. Bu alyansda bərabər hüquqlu tərəfdaşlar təmsil olunur və region ölkələri arasında dövlət qulluğunda innovasiyalar və transformasiyalar sahəsində təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.