2018-ci il 25-26 oktyabr tarixlərində Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində Makedoniya Respublikasının İnformasiya Cəmiyyətinin İdarəolunması Nazirliyinin və Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda müasir problemlər və onların həlli yollarında əməkdaşlığın rolu” mövzusunda beynəlxalq konfrans həyata keçirilmişdir. Konfransın keçirilməsində məqsəd dövlət qulluğunda mövcud problemlərin, həmin problemlərin həllində əməkdaşlığın rolunun müzakirə edilməsindən, həmçinin qeyd olunan məsələlərlə bağlı iştirakçı dövlətlərin təcrübələrini bölüşməsindən ibarət olmuşdur. Tədbirdə Makedoniya Respublikasının, Regional Xaba üzv dövlətlərin, Balkan regionuna aid dövlətlərin müvafiq qurumlarının, bir sıra beynəlxalq və regional təşkilatların (UNDP, OECD, ReSPA), təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir.
Konfrans çərçivəsində keçirilən sessiyalar və panel iclaslarda regional dəstək sayəsində dövlət qulluğunun inkişaf etdirilməsi, dövlət idarəçiliyində mövcud çətinliklərin aradan qaldırılmasında beynəlxalq və regional əməkdaşlığın rolu, dövlət qulluğunda peşəkarlığın artırılması, dövlət qulluğunun müasirləşdirilməsi və dövlət qulluğunda innovasiyaların tətbiqinin genişləndirilməsi mövzuları ətrafında təqdimatlar edilmiş, müzakirələr aparılmış və iştirakçı dövlətlərin təcrübələri dinlənilmişdir.
Tədbirdə Azərbaycan Respublikasını Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov təmsil etmişdir. Vəfadar Misirov “Azərbaycanın dövlət qulluğu sistemində mövcud problemlər və həmin problemlərin həllində əməkdaşlığın rolu” mövzusunda çıxış etmişdir. İcraçı direktor çıxışı zamanı Azərbaycanın dövlət qulluğu sisteminin qısa tarixçəsi, son illərdə dövlət idarəçiliyində və dövlət qulluğunda aparılan köklü islahatlar, dövlət qulluğuna qəbul prosesi və Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti, Azərbaycanın dövlət qulluğu sistemində və dövlət qulluğuna qəbul prosesində mövcud olan problemlər, həmin problemlərin yaratdığı çətinliklər və həmin problemlərin həlli yolları barədə məlumat vermişdir. Vəfadar Misirov eyni zamanda dövlət qulluğu üzrə Dövlət İmtahan Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər, həyata keçirdiyi beynəlxalq layihələr, Azərbaycanda dövlət qulluğunun inkişafı sahəsində vacib konseptual sənəd olan “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın hazırlanması barədə cənab Prezidentin imzaladığı fərman, Strategiyanın əsas hədəfləri, hazırlanmış ilkin layihəsi barədə məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.
Səfər çərçivəsində Vəfadar Misirov tədbirdə iştirak edən dövlətlərin analoji qurumlarının, beynəlxalq və regional təşkilatların nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirmiş, görüşlər zamanı Azərbaycanla həmin qurumlar arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmiş, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılmışdır.