5 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin direktoru Arnold Braueri qəbul edib. Görüş zamanı A.Brauer DİM-in 10 illik yubileyi müansibətilə təbriklərini və xoş arzularını İdarə Heyətinin sədri M. Abbaszadəyə çatdırmışdır. A.Brauer bildirmişdir ki, DİM-in on illik fəaliyyəti sadəcə bir təşkilatın yubileyindən daha böyük məna daşıyır. O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi öz fəaliyyəti ilə Azərbaycanda istedadların üzə çıxarılmasına, potensialın tanınmasına və insanların bu potensialı daha da inkişaf etdirmələri üçün imkanların yaradılmasına kömək edir. Ədalətli və etibarlı qiymətləndirmə insanların bilikləri, bacarıqları və gələcək potensialları əsasında irəliləmələrinə şərait yaradır. Bu yolla DİM Azərbaycanın insan potensialının inkişafına və nəticə etibarilə ölkənin gələcəyinin qurulmasına birbaşa töhfə verir.
İdarə Heyətinin sədri M. Abbaszadə qonağa öz təşəkkürlərini çatdırmış və iki qurum arasındakı əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşmüşdür. M.Abbaszadə əvvəlcə DİM-də qiymətləndirmə proseslərində hazırda tətbiq olunan rəqəmsal həllər və süni intellektin istifadəsi ilə bağlı mövcud faəliyyətlər, hədəflər və çətinliklər barədə məlumat vermişdir. O qeyd etmişdir ki, artıq uzun illərdir imtahanlarla bağlı bütün mümkün proseslər rəqəmsal şəkildə həyata keçirilir, o cümlədən imtahanların kompüter əsaslı təşkili, imtahan nəticələrinin emalı, yazı işlərinin qiymətləndirilməsi, apellyasiya prosesi və digər mərhələlər üzrə işlər. Daha sonra, M.Abbaszadə süni intellektin qiymətləndirmə proseslərində tətbiqi ilə bağlı DİM-in təcrübəsini bölüşmüş və yüksək riskli imtahanlarda Sİ-in tətbiqinin etibarlılığı və ehtimal olunan risklərlə bağlı fikirlərini bölüşmüş və gələcəkdə bu istiqamətdə ortaq elmi araşdırmaların aparılması ilə bağlı fikir bildirmişdir.
Görüş zamanı həmçinin, DİM və RCEC arasındakı mövcud olan əməkdaşlıq, o cümlədən 2024-cü ildə RCEC tərəfindən DİM-in Keyfiyyət İdarəetmə Sisteminin təkrar auditinin uğurla tamamlanması ilə bağlı DİM-ə təqdim olunan uyğunluq sertifikatı üzrə nəzarət auditinin aparılması üzrə işlərin cari vəziyyəti müzakirə olunmuşdur. Qeyd edək ki, RCEC tərəfindən DİM-in Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsinin 2020–2021-ci illərdə ilkin auditi və 2024-cü ildə isə təkrar auditi həyata keçirilmişdir. Hər növbəti audit prosesinin nəticəsində DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilmiş və DİM 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunmuşdur.