Tədbirdə dövlət qurumları, yerli şirkətlər və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Dövlət İmtahan Mərkəzinin nümayəndələri tədbirdə iştirak edərək dövlət qulluğu sahəsində işləmək istəyən gənclərə Azərbaycanda dövlət qulluğuna qəbul qaydaları, dövlət orqanlarında mövcud vakant vəzifələr, dövlət qulluğunun perspektivləri haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
“Karyerada ilk addım” şüarı ilə bu il beşincisi təşkil olunan tədbirdə müxtəlif profilli şirkət və müəssisələr iştirakçılara öz vakansiyalarını, təcrübə və təqaüd proqramlarını təqdim ediblər. Tədbirin təşkil olunmasında əsas məqsəd yuxarı kurs tələbələrinin və universitet məzunlarının əmək bazarına çıxışının dəstəklənməsi, gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsi olub.