Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsindəki qiymətləndirmə təcrübəsi Qazaxıstanda təqdim edilib. DİM-in mütəxəssislərinin Astanaya səfəri qarşı tərəfin dəvəti əsasında həyata keçirilib.
17 – 20 dekabr 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov və Humanitar fənlər üzrə monitorinq sektorunun müdiri Royal Qulusoy tərəfindən Astana şəhərində Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri Agentliyinin və Qazaxıstan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının İnsan Resurslarını İdarəetmə İnstitutunun 30-a yaxın əməkdaşı üçün seminar keçirilib və təcrübə mübadiləsi aparılıb.
Dövlət Qulluğu üzrə Astana Regional Xabın da dəstəyi ilə keçirilən seminar zamanı DİM-in əməkdaşları dövlət qulluğu üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün test tapşırıqlarının hazırlanması, test və test tapşırıqlarının statistik və psixometrik təhlilinin aparılması üzrə nəzəri biliklər təqdim etməklə yanaşı, praktik məşğələlər keçiriblər. Bu sahədə seminar iştirakçılarına DİM-in təcrübəsi öyrədilib. Təlim mövzuları və DİM-in yoxlama-ölçmə metodları qazax həmkarlar tərəfindən maraqla qarşılanaraq təqdir olunub.
Seminarın proqramı ilə buradan tanış ola bilərsiniz.
Seminar zamanı həmçinin hər iki tərəfin dövlət qulluğu sahəsindəki təcrübəsi bölüşülüb, imtahan sistemlərinin tətbiqi və təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı DİM-in fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətləri barədə qarşı tərəfə məlumat verilib və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.