Jurnalın bu sayında dövlət qulluğuna qəbul üzrə müsabiqəyə - test imtahanı və müsahibə mərhələsinə hazırlaşanlar, eyni zamanda geniş oxucu auditoriyası üçün təhlil xarakterli yazılar, statistik məlumatlar, elmi-metodik və digər bir sıra faydalı məlumatlar verilmişdir.
Jurnalın bu sayına Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlar üçün tərtib olunmuş Təlimat daxil edilmişdir. Test imtahanlarının statistik təhlili nəticəsində hazırlanmış Təlimat namizədlərin müsabiqədə uğur qazanmaları üçün faydalı tövsiyələrdən ibarətdir.
Dərc olunan materiallardan biri test imtahanlarında yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə proqramlardır. Qanunvericilik, informasiya texnologiyaları və məntiq təfəkkürün yoxlanılması üzrə proqramlar inzibati vəzifələrin aid olduğu vəzifə qruplarından asılı olaraq bir-birindən fərqlənir. DİM Azərbaycan dilinin dövlət dili və dövlətçiliyin əsas atributlarından biri olaraq dövlət qulluğu sektorunda geniş tətbiqini nəzərə alıb, bu bilik sahəsi üzrə bütün vəzifə qrupları üçün vahid proqramdan istifadə olunması haqqında qərar qəbul etmişdir.
Jurnalda verilən materiallardan biri “Dövlət qulluqçusunun karyera bələdçisi”dir. Bu material hazırda dövlət qulluğunda çalışan və dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərə bu sahədə karyera planlaşdırılmasına köməklik məqsədi ilə hazırlanmışdır.
Jurnalın bu sayında bütün test imtahanlarının nəticələri barədə statistik göstəricilər, müsabiqənin müsahibə mərhələsi və ümumi müsahibələr barədə statistik təhlillər, müsabiqənin müsahibə mərhələsində uğur qazanmış şəxslərin, həmçinin dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş namizədlərin siyahısı və digər zəruri materiallar öz əksini tapmışdır.
Jurnalda dövlət qulluğu ilə bağlı ictimaiyyəti maraqlandıran suallar və onların cavabları bu sahəyə marağı olan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
- Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
- Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.