Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 30 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
Təlim zamanı Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova iştirakçılara dövlət qulluğuna dair qanunvericilikdə istifadə olunan əsas anlayışlar, dövlət orqanlarının kateqoriyaları və dövlət qulluğu vəzifələrinin təsnifatları, dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının mükafatlandırılması və intizam məsuliyyəti, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər barədə məlumat verib.
Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.