Dövlət İmtahan Mərkəzi, Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 5.4. bəndinə uyğun olaraq “Dövlət qulluğunda səriştə modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin icrasına başlanmışdır. Təsdiq edilən model dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq ediləcək. Layihə çərçivəsində dövlət qulluğu vəzifəsi iddiasında olan namizədlərin zəruri səriştələrinin qiymətləndirilməsi üçün test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətlərindən istifadə ediləcək.
DİM tərəfindən “Yüksəliş” müsabiqəsinin müxtəlif qiymətləndirmə alətlərinin uğurlu təşkilinə əsaslanaraq, A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə cari ilin iyul ayından etibarən keçiriləcək test imtahanlarında namizədlərin məntiqi təfəkkürünün, qanunvericilik, Azərbaycan dili və informasiya texnologiyaları üzrə biliklərinin yoxlanılması ilə yanaşı, rəhbər vəzifəli şəxslər üçün zəruri hesab edilən idarəçilik səriştəsinin, sosial-praktiki intellektin və analitik təhlil bacarıqlarının yoxlanılması nəzərdə tutulur.
İmtahan modelinə AA vəzifə qrupu üzrə idarəçilik səriştəsini, sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını, AB və AC vəzifə qrupları üzrə sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqlar daxil ediləcəkdir.
Aşağıda bu səriştələri yoxlayan test tapşırıqlarına aid nümunələr təqdim olunur:
İdarəçilik sətiştəsinin müəyyən olunması üçün təqdim olunan test tapşırıqlarında rəhbər vəzifəli şəxsin iştirak etdiyi müxtəlif ssenarilər təsvir olunur. Verilən variantlar arasından bu ssenarilərdə əks olunan problemli vəziyyətlərin ən yaxşı həllini və ya prosesin ən uğurlu davamını müəyyən etmək tələb olunur.
Tapşırıqda:
- verilən variantlar arasında ən düzgün cavabı müəyyən etmək;
- verilən variantları tələb olunan ardıcıllığa görə sıralamaq;
- verilən variantlar arasında bir neçə düzgün cavabı müəyyən etmək və s. tələb oluna bilər.
İdarəçilik səriştəsinin müəyyən olunması üçün təqdim olunacaq test tapşırıqlarına aid nümunə:
Şiz çalışdığınız müəssisədə iki ildən çoxdur ki, şöbə müdiri vəzifəsində işləyirsiniz və müəssisə rəhbəri şöbəyə yeni şöbə müdiri müavini təyin edir. Siz yeni müavinlə dil tapa bilsəniz də, o sizdə müsbət təəssürat yaratmayıb. Sizə elə gəlir ki, yeni təyin olunmuş müavin kobud və etibarsız adamdır.
Müəssisə rəhbəri bir müddət sonra həmin müavini ixtisasartırma kursuna göndərməyi planlaşdırır. Kursu bitirəndən sonra isə onu müəssisə daxilində digər bölmələrdən birinə daha yüksək vəzifəyə keçirmək nəzərdə tutulur. Eyni zamanda bu onun karyerada yüksəlməsini sürətləndirəcək.
Sual 1. Bu halda ata biləcəyiniz ən düzgün addımı müəyyən edin.
Sual 2. Bu halda ata biləcəyiniz addımları səmərəlilik dərəcəsinə görə sıralayın.
A. Kursa göndərilmə müavinin şöbədən ayrılıb başqa işə keçirilməsi ilə nəticələnəcəyinə görə onun kursa göndərilməsinə razılıq verirsiniz.
B. Direktorla danışaraq onun təcili olaraq öz bacarıqlarına daha uyğun başqa vəzifəyə keçirilməsini xahiş edirsiniz.
C. Onun kursa göndərilməsinə etiraz edir, bu məsələni onunla müzakirə edib, narahatlığınıza səbəb olan məqamları izah edir və yaranan fikir ayrılıqlarını aradan qaldırmağa çalışırsınız. Sonra bu barədə direktora məlumat verirsiniz.
D. Onun kursda iştirakına razılıq verirsiniz, çünki bu direktorun təklifidir. Lakin narahatlığınıza səbəb olan məsələləri direktorun nəzərinə çatdırırsınız.
Düzgün cavablar:
1. (C)
2. (C, D, B, A)
Cavabların izahı:
(C) Bu cür hallarda ən düzgün addım, ilk növbədə, narahatlığınıza səbəb olan halları və beyninizdəki sualları şəxsin özü ilə aydınlaşdırmaq və tələsik qərar verməmək üçün yuxarı rəhbərliyi də bu barədə məlumatlandırmaqdır. Ondan qurtulmaq üçün layiq hesab etmədiyiniz birinin yüksəlməsinə göz yummaq müəssisənin ümumi işinə zərər verə bilər və daha layiqli şəxslərin yüksəlməsinə mane ola bilər. Digər tərəfdən, narahatlığınızın səbəbini əməkdaşa bildirmədən onun yüksəlişinə mane olmaq isə ona qarşı ədalətsizlikdir. Çünki o, söhbətdən nəticə çıxarıb, davranışları ilə bağlı çatışmazlıqları aradan qaldıra bilər. Bu halda, siz həm üzərinizə məsuliyyət götürürsünüz, həm ümumi mənafeyi qorumuş olur, həm də əməkdaşlara qarşı ədalətli mövqe nümayiş etdirirsiniz.
(D) Bu halda siz məsuliyyəti öz üzərinizdən atmış olsanız da, vicdanlı davranaraq direktora öz qərarını gözdən keçirmək imkanı yaradırsınız. Yəni siz avtoritetdən çəkinən, liderlik qabiliyyəti zəif, amma ümumi mənafeyi düşünən vicdanlı şəxs kimi davranırsınız.
(B) Tabeliyinizdəki şəxslə danışmadan onu rəhbərliklə müzakirə etmək ünsiyyət və rəhbərlik qabiliyyətinizin zəifliyinə dəlalət edir.
(A) Bu halda şəxsi rahatlığınızı ümumi mənafedən üstün tutur, öz rahatlığınız naminə layiq bilmədiyiniz şəxsin irəliləməsinə göz yumaraq gələcəkdə müəssisənin zərərə uğramasına yol açırsınız. Bu davranış həm rəhbərlik, həm ünsiyyət qabiliyyətinizin zəifliyini, həm də vəzifəyə məsuliyyətlə yanaşmamağınızı göstərir.
Sosial-praktiki intellektin müəyyən olunması üçün təqdim olunan test tapşırıqlarında iş prosesində meydana gələ biləcək müxtəlif problemli situasiyalar təqdim olunur. Verilən variantlar arasında hər bir situasiya zamanı atıla biləcək ən düzgün və ən yanlış addımı müəyyən etmək tələb olunur.
Sosial-praktiki intellektin müəyyən olunması üçün təqdim olunacaq test tapşırıqlarına aid nümunə:
Cihazların bir xətdə dayanmadan ardıcıl işləməsini təmin etmək üçün o xəttə nəzarət edən işçilər də peşəkar davranmalıdırlar. Lakin xəttə nəzarət edən işçilərdən biri işə səhlənkar yanaşır, tez-tez diqqəti işdən yayınır. Bu isə xətdə ləngimələrə səbəb olur.
Sual 1. Bu vəziyyətdə atıla biləcək ən düzgün addım hansıdır?
Sual 2. Bu vəziyyətdə atıla biləcək ən yanlış addım hansıdır?
A) Məhsuldarlığı artırmaq üçün həvəsləndirici proqram təklif etmək
B) Xətdə işçi sayını artırmaq
C) İşin bu şəkildə davam etməsinə icazə vermək
D) Yardım üçün rəhbərliyə müraciət etmək
E) İşçi ilə danışıb onun yol verdiyi nöqsanların ümumi işə mənfi təsirini izah etmək
Düzgün cavablar və onların izahı:
Sual 1
(E) Bu cür hallarda ən düzgün addım işçinin özü ilə danışmaqdır. Yalnız bu addım müsbət nəticə vermədikdə digər tədbirlərə əl atmaq olar.
Sual 2
(C) Ən yanlış addım vəziyyətin bu şəkildə davam etməsinə göz yummaqdır. Bu həm işin səmərəliyini aşağı salır, həm də işçilərin motivasiyasına mənfi təsir göstərir.
Analitik təhlil bacarıqlarının müəyyən olunması üçün təqdim olunan test tapşırıqları müxtəlif cədvəl, qrafik və diaqram şəklində verilənlərin ümumiləşdirilməsi, müqayisəsi və təhlilinə əsaslanır. Namizədin verilənləri təhlil edərək düzgün nəticə çıxarabilmə bacarığını yoxlamaq üçün tapşırıqda müxtəlif suallar qoyula bilər.
Analitik təhlil bacarıqlarının müəyyən olunması üçün təqdim olunacaq test tapşırıqlarına aid nümunə:
İnsan Kapitalının İnkişafı İndeksi üzrə reytinq qrafikindən istifadə edərək doğru cavabı müəyyən edin.
İnsan Kapitalının İnkişaf İndeksi reytinqinə görə sıralamada 4 ölkənin 2007-2018-ci illər üzrə reytinq göstəriciləri:
Neçənci ildə dörd ölkənin hamısının reytinq göstəriciləri əvvəlki ildəkindən fərqli olmuşdur?
A) 2016
B) 2017
C) 2015
D) 2011
Tapşırığın düzgün cavabı A variantıdır.
Diaqramdan görünür ki, Avstraliyaya aid olan əyri 2007-2015-ci illər ərzində eyni səviyyədədir. Deməli, 2015-ci ilə qədər bu dörd ölkədən ən azı birinin reytinq göstəricisi əvvəlki illə müqayisədə dəyişməz qalıb. 2017-ci ildə hər dörd ölkənin göstəriciləri əvvəlki – 2016-cı ildəki göstəricilərlə eyni olub. 2018-ci ildə İsveçrənin göstəricisi əvvəlki illə müqayisədə dəyişməz qalıb. 2016-ci ildəki göstəricələrə baxdıqda görünür ki, dörd ölkənin hamısının reytinq göstəriciləri 2015-ci ildəkindən fərqlidir – iki ölkənin göstəriciləri yaxşılaşmış, digər ikisinin göstəricisi isə aşağı düşmüşdür.
Qeyd: Yuxarıda qeyd olunan səriştələri yoxlayan situasiya əsaslı tapşırıqlar qapalı tipli test tapşırıqları şəklində təqdim olunacaq. İlkin olaraq imtahanda bu tipli tapşırıqlardan məhdud sayda, məntiqi təfəkkürü yoxlayan test tapşırıqları blokunda istifadə olunması nəzərdə tutulur. İmtahan suallarının ümumi sayı dəyişməyəcək. Suallara verilən düzgün cavablar digər qapalı tipli tapşırıqlarda olduğu kimi bir balla qiymətləndiriləcək.