Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşan namizədlərə metodik köməklik məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunmuş “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” metodik vəsaitinin, “500 test tapşırığı” adlı test toplusunun və “Dövlət qulluğu” jurnalının 1-ci və 2-ci saylarının (2019-cu ildə nəşr olunmuş) PDF formatda elektron versiyalarının satışı həyata keçirilir. Vəsaitləri DİM-in rəsmi internet saytına daxil olmaqla əldə etmək mümkündür.
Metodik vəsait dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulmuşdur. Vəsait dörd hissədən ibarətdir. Birinci hissəyə müsabiqə üzrə test imtahanı mərhələsinə, ikinci hissəyə isə müsahibə mərhələsinə hazırlaşanlar üçün tövsiyələr və zəruri elmi-metodik materiallar daxil edilmişdir. Vəsaitin üçüncü hissəsində namizədlərin test imtahanına öz hazırlıq səviyyəsini müəyyənləşdirməsi üçün imtahanda yoxlanılan bilik sahələrinə aid test tapşırığı nümunələri və onların düzgün cavabları, dördüncü hissədə isə digər zəruri materiallar verilmişdir.
Test toplusu dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlar üçün nəzərdə tutulmuşdur. Topluya test tapşırığı nümunələri, onların düzgün cavabları və digər zəruri materiallar daxil edilmişdir. Topluya daxil edilən test tapşırığı nümunələri imtahanda yoxlanılan bilik sahələri üzrə proqramlar əsasında inzibati vəzifə qrupları (AA, AB, AC, BA və BB) üzrə keçirilən test imtahanı modelinə uyğun hazırlanmışdır.
“Dövlət qulluğu” jurnalının bu saylarına dövlət qulluğu ilə bağlı elmi-metodik və statistik məlumatlar, bu sahə ilə əlaqədar bəzi qanunvericilik aktları, müəyyən dövr üçün müsabiqədə uğur qazanan şəxslərin, eyni zamanda dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunan namizədlərin siyahısı və bir çox digər zəruri materiallar daxil edilmişdir.