27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyində “Dövlət qulluğunda etik qaydaların tətbiqi məsələləri və xidməti fəaliyyətin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirilmişdir.
Təlim prosesi zamanı iştirakçılara inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları və bu qaydaların tətbiqi məsələləri, xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə tapşırıqların və meyarların ümumilik dərəcəsinin müəyyən edilməsi, qiymətləndirmə zamanı dövlət qulluqçularına tətbiq edilən tədbirlər və xidməti fəaliyyətin qiymətləndirilməsinin prosedurları haqqında ətraflı məlumat verilmiş, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi və dövlət qulluqçusunun gələcək inkişafının müəyyən edilməsindəki rolu müzakirə olunmuşdur.
Eyni zamanda tədbirin ikinci hissəsində dövlət qulluqçusunun öz vəzifə borcunu qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində necə yerinə yetirməsi, subyektiv amillərə əsaslanaraq hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi və dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına və dövlət qulluğuna ictimai etimadın artırılması, dövlət qulluğunda etik qaydaların əhəmiyyəti, etik qaydaların tətbiqi məsələləri barədə ərtaflı məlumat verilmiş, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunmuşdur.
Təlim Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən aparılmışdır.
Sonda isə təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.