21 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2019-ci il tarixli 28 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən “Dövlət qulluğunun aktual problemləri” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.
Konfransın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, müxtəlif nazirliklər, Heydər Əliyev Mərkəzi, Baş Prokurorluq, Dövlət Komitələri və Xidmətlərinin, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və rayon icra hakimiyyətlərinin təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə inklüziv və davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu bildirib. Rektor vurğulayıb ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 2006-cı il 25 may tarixli Sərəncamı ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu artırmaq məqsədilə atılan mühüm addımlardan biridir.
Süleyman İsmayılov vurğulayıb ki, dövlət quruculuğu məsələləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Son 5-6 il ərzində dövlət quruculuğu məsələləri ilə bağlı yüzlərlə fərman, sərəncam, qanun imzalanıb.
Sonra Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov Mərkəz tərəfindən dövlət qulluğu və digər kadr siyasəti məsələlərində daha mükəmməl və şaffaf modelə nail olmaq məqsədilə həyata keçirilən tədbirlər, qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklərdən danışmış və Mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkmişdir. O bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir.
Elmi-praktik konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan Respublikasının innovativ təcrübəsi beynəlxalq təşkilatların sənədlərində” mövzusunda çıxış edib. Məruzəsində Respublikamızda dövlət qulluğunun təkmilləşdirilməsi prosesinin uğurlu nəticələrindən danışan akademik XXI əsrin prioriteti olan davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərdən söz açaraq bunun əsasında Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəçilik texnologiyalarının durduğunu qeyd edib.
Sonra Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Azərbaycanda dövlət qulluğuna qəbul: cari vəziyyət, hədəflər və çağırışlar”, DİA-nın rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması institutunun direktoru, professor Gülnarə Qurbanova “Dövlət qulluqçularının təhsilində davamlı inklüziv inkişaf naminə innovativ metodlar”, Mərkəzin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Dövlət qulluğu ilə bağlı elektron xidmətlər” mövzularında məruzələrlə çıxış ediblər.