25 may 2026-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış “Dövlət qulluqçularının şəxsi işinin aparılması” informasiya sisteminin təqdimatı keçirilib. Təqdimatda mərkəzi icra hakimiyyəti orqanlarının 78 nəfər nümayəndəsi iştirak edib.
DİM-in Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov “Dövlət qulluqçularının şəxsi işinin aparılması” informasiya sistemini əyani formada tədbir iştirakçılarına təqdim edərək, sistemin funksional imkanları barədə geniş məlumat verib və dövlət orqanlarında insan resurslarının idarə edilməsi sahəsində kağız dayışıyıcılardan tədricən elektron formata keçid prosesində yeni informasiya resursunun mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Təqdimatdan sonra Vüqar Əkbərovla yanaşı, Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamentinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova və Dövlət informasiya resursları departamentinin Elektron informasiya sistemləri şöbəsinin baş məsləhətçisi Elvina Məmmədova iştirakçıların yeni informasiya sistemi, eyni zamanda dövlət qulluqçularının reyestri və dövlət qulluğu ilə bağlı müxtəlif suallarını cavablandırıblar.