Gündəlik müzakirə olunan məsələlər 26 iyul 2018-ci il tarixində III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilinə və 5-ci sinif “Ədəbiyyat” dərsliklərinin monitorinqinə aid olub.
Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
İclasda seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov gündəlik məsələlərlə bağlı məlumat verərək, seminarda statistik göstəricilər əsasında hər bir test tapşırığının mövzu, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyasına görə müzakirə ediləcəyini, dərsliklərin məzmunu haqqında fikir bildiriləcəyini qeyd edib.
Daha sonra Bakı şəhəri 299 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Verdiyeva test tapşırıqlarını və dərsliklər haqqında qeydlərini müzakirəyə təqdim edib.
Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi S.İbrahimov, metodist-müəllim İ.Nəbiyeva, 201 nömrəli tam orta məktəbin müəllimi A.Xəlilova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru A.Mirzəyev və başqaları çıxış edərək gündəlik məsələlər barədə fikir və təkliflərini bildiriblər.
Müzakirə nəticəsində 25 (A variantı, 76-100 saylı, B variantı, 76-100 saylı) test tapşırığının qəbul proqramına, dərsliklərə tam uyğun olduğu, abituriyentlərin fənn üzrə bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiq olunub, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyənləşdirilib.
Yekunda Muxtar İmanov dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınacağını, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahlarına dair metodiki tövsiyələrin hazırlanacağı və “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc ediləcəyini bildirib.
Növbəti seminarda (14 yanvar 2019-cu il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 13 may 2018-ci il tarixdə III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.