21 sentyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının müşayiət etdiyi Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Qulluğu Komissiyasının nümayəndə heyətini qəbul edib.
Qonaqları ölkəmizdə və Dövlət İmtahan Mərkəzində görməkdən məmnun olduğunu bildirən B.Xəlilov Azərbaycanda dövlət qulluğu sistemi, o cümlədən dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyanın əsas inkişaf istiqamətləri və fəaliyyət planları haqqında məlumat verib. Sədr müavini Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.
Görüş zamanı DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn DİM-in dövlət qulluğu istiqamətində əməkdaşlıq etdiyi qurumlar, həyata keçirdiyi beynəlxalq layihələr, eyni zamanda qurumun fəaliyyəti barədə təqdimat edib. Daha sonra Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov dövlət qulluğunda kompetensiya modelinin yaradılması və yeni modelin tətbiq edilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə qonaqları məlumatlandırıb.
Görüşdən əvvəl qonaqlar ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, həmçinin qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.
Nümayəndə heyətinin tərkibi Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Qulluğu Komissiyasının aparat rəhbəri, layihə rəhbəri, İKT məsələləri üzrə direktor, İnnovasiya və Texnologiyalar Nazirliyində keyfiyyətin təminatı üzrə mütəxəssis, Oromia Dövlət Xidmətləri Bürosunun Büro rəhbərinin müavini, İKT bölməsinin direktor müavinindən ibarət olub. Görüşdə eyni zamanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təmsilçiləri də iştirak ediblər.
Yekunda qonaqların təqdimatlara dair sulları cavablandırılıb və xatirə şəkli çəkdirilib.