Azərbaycan dili fənni üzrə seminarda 19 may 2019-cu il tarixində III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.
Fizika fənni üzrə seminarda 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə I və IV ixtisas qrupu üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların statistik göstəricilər üzrə müqayisəli təhlili olub.
Riyaziyyat fənni üzrə seminarda 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların təhlili olub.
Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.
Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Kimya və rus dili fənləri üzrə seminarlarda 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə görə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyənin müzakirəsi olub.
İngilis dili fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “English”, biologiya fənni üzrə seminarda 7-ci sinif “Biologiya”, tarix fənni üzrə seminarda 7 və 10-cu siniflər üçün “Ümumi tarix” həmçinin 8 və 10-cu siniflər üçün “Azərbaycan tarixi”, coğrafiya fənni üzrə seminarda 6-cı sinif “Coğrafiya” dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.