Kimya fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “Kimya”, rus dili fənni üzrə seminarda 8-ci sinif “Русский язык”, biologiya fənni üzrə seminarda 8-ci sinif “Biologiya”, tarix fənni üzrə seminarda 9 və 11-ci siniflər üçün “Azərbaycan tarixi” və coğrafiya fənni üzrə seminarda 9-cu sinif “Coğrafiya” dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.
Fizika fənni üzrə seminarda ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə görə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyə müzakirə edilib.
Riyaziyyat fənni üzrə seminarda 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların təhlili aparılıb.
Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.
Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.