Gündəlik məsələ 12 may 2019-cu tarixdə qəbul imtahanlarının ikinci mərhələsi - ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.
Öncə metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri A.Batıyeva seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. O qeyd edib ki, imtahan nəticələrinin statistik göstəricilərinə əsasən demək olar ki, 2019-cu ildə qəbul imtahanında istifadə edilmiş tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinə uyğundur. Hər bir tapşırıqda məzmun standartlarında nəzərdə tutulmuş bilik və bacarıqları yoxlamaq və qiymətləndirmək mümkün olub.
A. Batıyeva seminar iştirakçılarına hər bir tapşırığın necə cavablandırıldığı, məzmunu, mürəkkəblik dərəcəsi ilə bağlı fikir bildirmələri üçün müraciət edib.
Seminarın rəhbəri f.e.d, professor Müsavər Musayev gündəlik məsələyə keçməzdən əvvəl Azərbaycan idmanı üçün önəmli olan bir hadisə haqqında məlumat verib. O, bildirib ki, Aydın Süleymanlı Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə çempionatda 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. O, uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (DİM) ilə əməkdaşlıq etmiş, test bankının yaradılmasında böyük əməyi olan fizika-riyaziyyat elmləri namizədi Aydın Süleymanovun nəvəsidir. Daha sonra Aydın Süleymanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra seminarın rəhbəri f.e.d., professor Müsavər Musayev tapşırıqları müzakirəyə təqdim etmək üçün f.ü.f.d. Ə.Rəcəbliyə söz verib.
Ə. Rəcəbli imtahan blokuna daxil edilən 22 qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi), 5 cavabları kodlaşdırılan açıq (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tipli və cavabları yazı ilə ifadə olunan 3 tapşırıqlı situasiyanın hər birini müzakirəyə təqdim etdi. Həmçinin o, hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, staistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standartı yoxladığı haqqında məlumat verib.
Seminarda 5 (A variantı, 31-35 saylı, B variantı, 31,34, 43, 46, 50 saylı) tapşırıq müzakirə edilib.
Müzakirələrdə AMEA-nın əməkdaşları f-r.e.n. Q. Mehdiyev və f.ü.f.d. M.Məmmədov , Bakı şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi M. Abdullayev, Bakı şəhəri 148 nömrəli tam orta məktəbin müəllimi S. Mansurova və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.
Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Növbəti seminarda (30 oktyabr 2019-cu il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.