ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in Gəncə Regional Bölməsində 3 və 4 sentyabr 2019-cu il tarixlərində Gəncə şəhəri və ətraf rayonların DİM ilə əməkdaşlıq edən 30-a yaxın ingilis dili müəllimi üçün təlim keçirilib.
Təlimi amerikalı ekspert Massaçusets Universitetinin təhsil üzrə doktoru Stephen Sadlier aparıb.
Təlimdə oxu və yazı bacarıqlarına yiyələnmənin texnologiyası, dərs prosesində bilik və bacarıqların ölçülməsi, qiymətləndirmədə istifadə olunan vasitələrin buraxılış və qəbul imtahanlarında istifadə olunan ölçmə üsulları ilə uyğunlaşdırılması, eyni zamanda oxu və yazı prosesi zamanı yüksək təfəkkür bacarıqlarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb.
Təlimdə müəllimlər aktiv iştirak edib, praktik tapşırıqların yerinə yetirilməsinə cəlb olunublar.
Əvvəlcədən müəyyən olunmuş proqrama əsasən, sentyabrın 5-də DİM-in Şəki Regional Bölməsi və ətraf rayonların müəllimləri üçün də təlim keçiriləcəkdir.