14 – 15 dekabr 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz, Gəncə-Daşkəsən Regional Təhsil İdarələrinin və DİM-in Şəmkir və Gəncə Regional Bölmələrinin dəstəyi ilə Şəmkir şəhəri M.Füzuli adına məktəb-liseyində və Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbində regionun ümumi təhsil müəssisələrinin müvafiq olaraq 281 və 470 nəfərə yaxın xarici dil fənnini tədris edən müəllimi ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva tədbirin keçirildiyi Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli məktəbin 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalması və daha sonra əsaslı şəkildə bərpa olunduğunu qeyd edib.
Görüşün əsas məqsədinin ümumi və tam orta təhsil səviyyələri üzrə xarici dil fənni proqramları və yeni tipli test tapşırığı nümunələrinin pedaqoji heyətə təqdim etmək olduğunu bildirən K.Hacıyeva DİM-in xarici dillərin tədrisinə qoyulan müasir tələbləri nəzərə alaraq bir sıra tədqiqat əsaslı layihələr həyata keçirdiyini və statistik araşdırmalar apardığını qeyd edib. O, həmçinin əldə olunan nəticələrə əsasən ümumi və tam orta təhsil səviyyələrində yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun attestasiyası zamanı xarici dil blokunun dillər üzrə ümum-Avpora tövsiyə çərçivə sənədinin müvafiq səviyyələrinə uyğunlaşdırılmasına zərurət yarandığını bildirib. Şöbə müdiri orta məktəb şagirdlərinin yekun attestasiya imtahanı nəticələrinin ildən-ilə müsbət istiqamətdə dəyişdiyini və şagirdlər tərəfindən açıq sualların cavablandırılması üzrə faiz göstəricilərinin artması faktlarını vurğulayıb.
Plenar iclasdan sonra konfrans öz işini ingilis, rus, fransız və alman dili fənləri üzrə seminarlarda davam etdirib. DİM-in fənn kuratorları S.Əliyeva (ingilis dili), X.Babaşova (rus dili), Z.Q.Əlizadə (fransız dili) və M.Muradov (alman dili) müvafiq olaraq ümumi və tam orta təhsil səviyyələrində xarici dil fənni proqramları, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahan modelinə edilmiş dəyişiklik haqqında geniş məlumat veriblər. DİM-in İngilis dili fənni üzrə işçi qrupunun rəhbəri Ş.Musayeva iclasda ümumi (9 və 11 illik) orta təhsil səviyyələri üzrə proqramlarda edilmiş dəyişikliklər haqqında geniş məlumat verib.
Əməkdaşlarımız 2025-ci ildə ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil blokunda tətbiq olunacaq üç ardıcıl şəkil əsasında hekayə qurmaq, yəni yazı bacarıqlarını yoxlayan yeni tapşırıq modelini və qiymətləndirmə meyarlarını, həmçinin müstəqil öyrənməni təşviq etmək üçün şagirdlərin öz bilik və bacarıqlarını yoxlamaları üçün Mərkəzin dərc etdirdiyi resurlarları da təqdim ediblər.