Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
İmtahan iştirakçıları nəticələri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda 620 nəfər iştirak edib. 72 nəfər tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, Dövlət Gömrük Komitəsinə xidmətə qəbulla bağlı 2024-cü ilin iyun ayında keçirilmiş imtahanın qanunvericilik üzrə proqramında yer alan, lakin dekabr ayında keçirilən imtahan üçün proqramda (ixtisar olunmuş variantda) nəzərdə tutulmayan bir neçə mövzuya aid test tapşırığı bütün namizədlər üçün doğru cavablandırılmış hesab olunub və onların xeyrinə nəzərə alınıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyən namizəd 26 dekabr saat 10:00-dan 28 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.