Piter Tims məruzəsində ilkin təhsildə bilik və bacarıqların səmərəli qiymətləndirməsini təşkil etməyin zəruriliyini bildirib. Qeyd edib ki, təhsil proqramları indikindən daha qətiyyətli şəkildə tərtib etməklə fərdi problemlər yaranmamışdan əvvəl onları müəyyənləşdirib aradan qaldırmaq mümkün olar. Növbəti il ikinci bir qiymətləndirmənin aparılması daha ciddi şəkildə tələbələrin xüsusi ehtiyaclarının müəyyən edilməsinə, onların il ərzində şagird, məktəb və ölkə səviyyəsində hesab, oxu, sosial və fiziki inkişaf sahələri üzrə inkişaf səviyyələrini ölçməyə kömək edəcək. Yetərli səviyyədə olmayan TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) kimi təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatlarına güvənməkdənsə, ilkin qiymətləndirmənin düzgün aparılması bütün təhsil sistemlərinin təsirinin dəyərləndirilməsi üçün təməl rolunu oynayacaq.
Piter Timsin fikrincə, dünyada təhsil sahəsində yüzlərlə ilkin qiymətləndirmənin fəaliyyət göstərdiyi bir dönəmdə niyə bu sahədə böyük irəliləyişləri görmədiyimizi aydınlaşdırmaq ağlabatandır. Cavab isə budur ki, qarşılaşdığımız çağırışlar son dərəcə ciddidir. Bunların sırasında bir neçə əsas olan aşağıdakılardır; uşaqların diqqət yayınıqlığı (qısa konsentrasiyası dövrü), onların çoxunun ilkin təhsilə başlayarkən oxuya və yaza bilməməsi, müvafiq məktəbəqədər tədris planının olmaması, cavabdehlik üzrə testin mənfi nəticələri və uşaqların bilik və bacarıqlarının ibtidai təhsil üzrə ekspertlər tərəfindən dəyərləndirilməsinə qarşı geniş yayılmış narazılıq.
Bu yaşda qısa, lakin daha əhatəli qiymətləndirmə aparılmalıdır. Bu qiymətləndirməni aparan şəxsin kimliyindən asılı olmayaraq prosesin eyni nəticələri olmalı, həm də müxtəlif dillər və mədəniyyətlərlə müqayisə edilə bilən olmalıdır. Həmin qiymətləndirmə prosesi müəllimlərin də rəğbətini qazanmalıdır. Bu məqsədə tam nail olunmasa belə, bu qiymətləndirmə nəyin üzərində çalışmalı olduğumuzu nümayiş etdirir.
Piter Tims irəli sürdüyü fikirləri konkret nümunələrlə əsaslandırıb.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.