Sentyabrın 24-də IAEA 2019 beynəlxalq konfransının əsas məruzəçilərindən biri - Kembric Universitetinin İngilis dili üzrə biliyin qiymətləndirilməsi kafedrasının tədqiqat və beynəlxalq inkişaf bölməsinin rəhbəri xanım Hanan Xalifa "Qiymətləndirmə islahat təşəbbüsü kimi – təcrübə mübadiləsi" mövzusunda çıxış edib. Məruzəçi təhsil sahəsində islahat təşəbbüslərinin bir hissəsi olaraq beynəlxalq səviyyəyə uyğun və ya xarici qiymətləndirmənin tətbiq olunmasının getdikcə daha geniş vüsət aldığını bildirib. Hanan Xalifanın fikrincə, bu, əsasən xarici dili öyrənmə nəticələrini yaxşılaşdırır, ictimai hesabatlılığı təmin edir, öyrənmə və tədris proseslərində arzuolunan dəyişiklikləri təşviq edir. Artıq hamı başa düşür ki, imtahanların sinif mühitində (yəni mikro kontekstdə) və hətta onun xaricində (yəni makro kontekstdə) şagird və tələblərin davranışına hərtərəfli və mürəkkəb təsiri ola bilər. "Yaxşı imtahanların müsbət nəticə verməyəcəyinə və pis imtahanların mütləq şəkildə pis nəticələr vermədiyinə zəmanət verilmədiyi" nəzərə alınarsa, qiymətləndirmə üzrə tədbirlərin təsiri xüsusilə təhsil sahəsində islahat təşəbbüslərinin həyata keçirilməsində qarşıya çıxan çağırışların və təhsil sistemlərinin mürəkkəb xarakteri nəzərə alınaraq araşdırılmağa layiq bir fenomen olaraq qalır.
Hanan Xalifa məruzədə məktəbəqədər və məktəb təhsili pilləsində ingilis dilinin öyrənilməsi üzrə islahat təşəbbüsü kimi qiymətləndirmələrin istifadəsi barədə fikirlərini bölüşüb. O, qərarvermə və fəaliyyət planlaşdırması üçün konkret faktlar təqdim edərək islahat təşəbbüsünün əvvəlində qiymətləndirmənin rolundan bəhs edib və Malayziya təcrübəsindən söz açıb. Məruzəçi qiymətləndirmənin islahat təşəbbüsündə bir vasitə kimi rolundan da danışıb. O, ibtidai təhsil pilləsində islahat vasitəsi kimi beynəlxalq imtahandan istifadə edən Vyetnamın təhsil sahəsindəki araşdırmasının nəticələri və dizaynı ilə bağlı hesabatı təqdim edib.
Təhsil sahəsindəki hər iki araşdırma mədəni kontekstin vacibliyini, hər bir ölkənin təhsil mühitində islahatlara təsir edən fərqli çağırışların, prioritetlərin, resursların mövcudluğunu göstərir ki, bu da hamı üçün eyni bir standartın məqbul olmadığına dəlalət edir.
Hər iki araşdırma göstərir ki, ölkədə təhsil islahatının həyata keçirilməsi təhsil mühitində olan mürəkkəb münasibətləri və qarşılıqlı təsirləri, eləcə də qiymətləndirmə, tədris planı və pedaqogika arasında qarşılıqlı əlaqənin əhəmiyyətini dərindən başa düşməyi tələb edir.
Xatırladaq ki, IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.