Konfrans sonrası praktik məşğələlər “Yazıda tipik səhvlərə yol verməmək (ingilis dili üzrə test)”, “PISA 2021 və növbəti illər: innovativ qiymətləndirmənin miqyaslı inkişafı”, “Yaradıcılıq məsələləri” mövzularını əhatə edib.
“Yazıda tipik səhvlərə yol verməmək (ingilis dili üzrə test)” mövzusunda praktik məşğələdə Kaliforniya Dövlət Universitetinin professoru Neytn Kar dil müəllimləri üçün bu sahə üzrə biliklərin qiymətləndirilməsində səriştləliliyin səviyyəsində daim inkişaf aparılmasının zəruriliyindən danışıb. Seminarda bir neçə cavab variantı olan test tapşırıqlarının hazırlanmasında səhvlərə yol verilməməsi üçün diqqət yetiriləsi hallar qeyd olunub.
“PISA 2021 və növbəti illər: innovativ qiymətləndirmənin miqyaslı inkişafı” mövzusunda praktik məşğələdə “ACTNext” təşkilatının öyrənmə həlləri üzrə baş direktor, PISA 2021-in layihə direktoru Yiqal Rosen və öyrənmə həlləri dizayneri Kristan Stofler təqdimat ediblər. Seminarda biliklərin daha geniş miqyasda qiymətləndirilməsi üçün mükəmməl texnologiyaların layihələndirilməsi və təkmilləşdirilməsində qabaqcıl təcrübə bölüşülüb. Məşğələ üç hissədən ibarət olub. Əvvəlcə daha yüksək bacarıqlar və texnologiya ilə əlaqəli qiymətləndirmələrdə tədqiqatların tənqidi nəzərdən keçirilməsi vurğulanıb. İkinci hissədə əvvəlcədən təyin edilmiş spesifikasiyalara əsaslanaraq prototip qiymətləndirmə tapşırıqlarını tərtib etmək üçün qiymətləndirmə nəzəriyyələri və metodlarının tətbiqinə nəzər salınıb. Üçüncü hissədə iştirakçılar qiymətləndirmə prototiplərini bölüşüb, problem və imkanları müzakirə ediblər.
“Yaradıcılıq məsələləri” praktik məşğələsini ArtEZ İnstitutundan Peter Herman aparıb. Seminar metodoloji məsələləri və interaktiv çalışmaları əhatə edib. Məşğələdə yaradıcılığa müxtəlif baxışlar və onların qiymətləndirmədə roluna, “qeyri-standard” parametrlər üçün qiymətləndirilmə, bu sahədə keyfiyyət məsələsi, tapşırıqların müxtəlif dizayn nümunələrinə nəzər salınıb, iştirakçılara öz yaradıcılıqlarından istifadə etmək tövsiyə olunub.
Praktik məşğələlər fikir mübadiləsi ilə yekunlaşıb.
Xatırladaq ki, IAEA 2019 çərçivəsində sentyabrın 22-də konfrans öncəsi praktik məşğələlər keçirilib.
"Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda sentyabrın 22-dən başlanan konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.