Sentyabrın 26-da Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən panel sessiya keçirilib. Panel sessiyaya Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov moderatorluq edib.
Əvvəlcə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və Astana Dövlət Qulluğu üzrə Regional Xabın rəhbər komitəsinin sədri Alixan Baymenov panel iclasda aparılacaq müzakirələrin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar.
Panel sessiyada Azərbaycan, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna, Qırğızıstandan olan mütəxəssislərin dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsinə dair məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb, bu sahədə mövcud modellər müzakirə edilib.
Sessiyada Gürcüstan Dövlət Qulluğu Bürosunun direktoru Catherine Kardavanın təqdimatında “Gürcüstanda dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsində təcrübə və çətinliklər”, mövzusunda məruzə dinlənilib. Məruzədə xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədi, bu sahədə çətinlik yaradan əsas səbəblər müzakirə edilib və problemlərin aradan qaldırılması üçün tövsiyyələr qeyd edilib.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Vüqar Əsgərovun təqdimatında “Azərbaycanda dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi:Təcrübə, problemlər və çətinliklər” mövzusunda məruzə edilib. Məruzədə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi tətbiqetmə təcrübəsi, qiymətləndirmə qaydaları ilə bağlı problemlər, səhvlər və çətinliklər müzakirə olunub. Bu sahədə aparılan tədqiqatın əsas məqsədi fəaliyyət qiymətləndirilməsinin səmərəliliyini artırmaq və dövlət qulluqçularının peşəkar inkişafını təmin etməkdir. Təcrübə göstərir ki, bəzi məmurlar dövlət qulluğunun tələblərinə cavab vermirlər. Effektiv fəaliyyət qiymətləndirmə sistemi olmadıqda məmurlar inkişafda maraqlı deyillər. Məruzədə həmin problemlərin xidməti fəaliyyətin qiymətləndirilməsinin səmərəli şəkildə təşkil edilməməsindən irəli gəldiyi qeyd edilib və məqsədin xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi olduğu vurğulanıb.
Bundan əlavə, iclasda Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Günay Muxtarova “Dövlət qulluğunda qiymətləndirmə: mövcud vəziyyət və səriştəyə əsaslanan qiymətləndirmə modelinə keçid” mövzusunda çıxış edərək, ölkəmizin müvafiq sahədə təcrübəsini bölüşüb.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.