Tarixçi Fuad Axundovun müəllif turu çərçivəsində qonaqlar paytaxtımızın görməli yerləri ilə tanış olub, Dağüstü parkdan Bakının mənzərəsini seyr ediblər.
Fuad Axundov qonaqlara İçərişəhərin məhəllələri, binaları və qala divarlarından söz açıb. Onun inqilabdan əvvəlki Bakının neft maqnatları, onların evləri və taleləri haqqında hekayələri dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Qonaqlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən orta əsr Şərq memarlığının şah əsəri Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası haqqında məlumat verilib, İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi diqqətə çatdırılıb.
Qobustan Milli Tarix-Bədii Qoruğuna gələn xarici qonaqlara açıq səma altında yaradılmış muzey haqqında məlumat verilib. Qeyd olunub ki, ərazidə daş dövründən son orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Diqqətə çatdırılıb ki, Qobustan qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. Habelə Qobustan muzeyi innovativ texnologiya, xüsusi multimedia proqramları ilə təmin edilib.
Qubaya səfər etmiş qonaqların ilk dayanacağı mifik hekayələri ilə tanınan Beşbarmaq dağı olub. Daha sonra qonaqlar Cümə Məscidini ziyarət ediblər. Bildirilib ki, məscid 1802-ci ildə qırmızı kərpicdən inşa edilib. Tikintisi yalnız Quba əyalətinin məscidləri üçün səciyyəvidir. “Azərxalça”nın Quba filialını ziyarət etmək xalça toxunması prosesini əyani görməyə imkan yaradıb.
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq qonaqlarda dərin təəssürat oyadıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.